Dövrümüzdə bir çox müsəlman ölkəsində
həqiqi İslam anlayışından uzaq, bayağı həyat tərzi var. Bu bayağılıq
sadəcə bəzi nəzakət qaydaları və nəzakətdən uzaq davranışlar demək
deyil. Bayağılıq Allah’ın qədrini layiqincə təqdir etməməkdən, həqiqi
Quran əxlaqı ilə yaşamamaqdan qaynaqlanan yanlış həyat tərzidir. Bu
yanlış həyat tərzi insanın düşüncə tərzindən zövqünə, həyatındakı
hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, söhbət
mövzularından mimikalarına qədər bütün həyatını əhatə edən geniş
anlayışdır.
İnternetdəki axtarış saytlarının
şəkillər bölməsinə ingiliscə müsəlman sözü yazdıqda bayraq yandıran,
bir-birinə hücum edən, üzlərində nifrət dolu qorxunc ifadə ilə bağıran
insanların şəkilləri çıxır. Dünyada müsəlmanlar haqqında bu cür yanlış
təsəvvür oyatmağa çalışırlar.
Dünyadakı yanlış İslam anlayışının
səbəbi Quranda bildirilən və Peyğəmbərimizin (s.ə.v) yaşadığı həqiqi
İslama tabe olunmamasıdır. Bu, bir çox insanın bildiyi, ancaq tam
anlamadığı vəziyyətdir. Çünki bəzi insanlar dinimizdə olmayan
xurafatları varmış kimi göstərirlər. Bir çox müsəlman ölkəsində
xurafatlarla dolu, sevgidən, anlayışdan, gözəllikdən, estetikadan, yəni
keyfiyyətdən uzaq İslam anlayışı hakimdir və hətta bu qəbul edilir.
Bu yanlış örnəklərə görə, bir çox
insanın ağlına müsəlman dedikdə sərt, sevgisiz, bədbin, incəsənət
anlayışından məhrum, elmə qarşı olan, zarafat anlayışı olmayan,
geyinməyi bilməyən, musiqidən zövq almayan, nəzakətsiz, şəfqətsiz
insanlar gəlir. Əlbəttə, bu, çox böyük xətadır və fərqində olmadan
bir çox insana zərər verir, İslamdan uzaqlaşdırır.
Səmimi müsəlman mənəvi cəhətdən də kübardır
Bəzi insanların
keyfiyyət anlayışı Allah’ın Quranda diqqət çəkdiyi keyfiyyətdən
fərqlidir. Bu insanların keyfiyyət anlayışı bahalı avtomobil, markalı
geyimlər, çox gözəl ev və yaxşı təhsillə məhdudlaşır. Əlbəttə, Allah’ın
bəxş etdiyi nemət kimi bu sadalananlar gözəl və estetik görünüşə səbəb
ola bilər. Lakin əsl keyfiyyət ruhən olmalıdır.
Allah insana bütün digər varlıqlardan
fərqli olaraq ruh vermişdir. Ona görə də insanın mənəviyyatındakı
zənginlik çox böyük təsir oyadır. Bu zəngin mənəviyyat insanın
keyfiyyətini artırır. İnsanın mənəvi aləmi nə qədər gözəldirsə, o qədər
kübar olur. Mənəvi gözəllik isə Allah’ın şanını layiqincə təqdir edən,
həmişə yüksək əxlaqla davranan səmimi müsəlmanda üzə çıxır. Allah
qorxusu və Allah sevgisi ilə hərəkət etdiyinə görə, rəftarında və
danışığında həmişə vicdanı, ağlı və iradəsi ilə hərəkət edən səmimi
müsəlman Allah’ın Quranda əmr etdiyi kimi ən gözəl sözü söyləyir, ən
gözəl şəkildə davranır. Nəticədə də elə bir insana çevrilir ki, hamı
onunla birlikdə olmağı xoşlayır, ətrafına rahatlıq və sevinc verir.
Belə bir insan, eyni zamanda, hər
şəraitdə nəfsi istəklərinin əvəzinə Allah’ın rizasına uyğun olanı seçir.
Öz rahatlığının, ehtiyac və istəklərinin yerinə Allah rizası üçün
həmişə başqalarının rahatlığını, ehtiyaclarını və istəklərini ön planda
tutur. Bunun üçün fədakarlıq edir, səy göstərir, lakin qarşılığını ancaq
Allah’dan gözləyir. Bu üstün əxlaq insanı əsalətli və mənəvi cəhətdən
keyfiyyətli edir. Belə insanlar heyranedici, yüksək əxlaqa, maddi yolla
heç cür əldə edilməyən üstün şəxsiyyətə malik olurlar.
Qəlbən daima Allah ilə birlikdə olan və
axirətdəki sonsuz cənnət həyatını qazanmaq şövqü ilə yaşayan mömin
Allah’ın bir neməti olaraq dərin mənəviyyata malikdir. Bu mənəvi
keyfiyyəti gözəlliklərdən həzz almasında, hadisələrə həssaslığında,
başına gələnlərin hikmətini şüur açıqlığı ilə qavramasında, sevgisində,
şəfqətində, ədalətində, incə düşüncəsində, bir sözlə, həyatının hər
anında mühüm fərq yaradır. Ona görə, Quran əxlaqı ilə tam yaşayan
möminlər gözəl əxlaqlı, əsalətli, dərin düşünən, hədəfləri və
düşüncələri geniş olan çox kübar insanlar olurlar.
Bayağılıq miskinlik və sevgisizlik meydana gətirir
Keyfiyyət müsəlman üçün həyatda hər
cəhətdən vacib xüsusiyyətdir. Lakin İslam dinini yanlış anlayanlar çox
bayağı İslam anlayışını təbliğ etməyə və yaşamağa cəhd göstərirlər. Ona
görə, bəzi insanlar da İslam dinini onların yaşadığı həyatla
eyniləşdirir və İslama qarşı çıxırlar. Bu insanların yanlış anlayışına
görə, müsəlmanlar dünyanın bir çox ölkəsində sərt qarşılanır. Bunlar
yanlış anlayışlarına görə, əsasən, baxımsız, kirli, çirkin, İslama və
Qurana uyğun olmayan sistemi İslam dini kimi təqdim edirlər. Yemək
yeyərkən, geyinərkən, danışarkən çox bayağı davranır və bu cür bayağı
həyat tərzini israrla davam etdirirlər. Gözəlliyi tamamilə aradan
qaldıran model formalaşdırır və gözəlliyi haram hesab edir, çirkin və
baxımsız insanın təqvalı olduğunu iddia edirlər. Musiqi dinləmir, rəsm
sevmir, insanlardan uzaq durur, danışmır, iltifat etmirlər. Bu
düşüncələrinə və bayağı həyat tərzlərinə görə həyatdan küsürlər.
Allah’ın əmrinə əsasən, namaz qılır, oruc tuturlar, lakin bu əmrləri
yerinə yetirmək onları sevindirmir, əksinə, qaraqabaq olurlar. Bayağılıq
üzərilərinə çökdüyünə görə, evlərinin içi, özləri, hətta yaşadıqları
şəhərlər belə baxımsız və miskin olur. Küçələrdə rəngsiz, ağacsız,
çiçəksiz mühit, ətrafa səpələnmiş zir-zibil, qeyri-estetik binalar,
baxıma möhtac tarixi tikililər olur.
Bu insanlar bir-birlərinə və qadınlara
hörmət etmir, alçaldıcı üslubla danışırlar. Başqalarına hörmətlə
yanaşmır, mübahisə edir, qışqırıb-bağırır və dalaşırlar. Kobud və
zorakıdırlar. Bayraq yandıran, qəzəb və nifrətlə öldürməkdən bəhs edən,
əllərində dəyənək, üzlərində nifrət olan bu insanlar hər kəs üçün iyrənc
mənzərədir.
Bayağı insanların ən əsas
xüsusiyyətlərindən biri də təzyiq və zorakılıqla öz həyat tərzləri və
inanclarını başqa insanlara mənimsətməyə çalışmalarıdır. Dini vəzifələri
yerinə yetirməyən və ya inancı zəif olan insanlara sözlə və fiziki
işgəncə verir, hətta öldürməyin belə doğru olduğunu vurğulayırlar.
Halbuki, Allah Quranda təzyiq göstərməyi haram etmişdir. Qurana əsasən,
müsəlman anlayışlı, mehriban olmalı, qarşısındakı insana doğrunu gözəl
sözlə izah etməli, onun fikir və dəyərlərinə hörmət etməli, təkcə özü
üçün deyil, bütün insanlar üçün ən gözəl mühiti təmin etməlidir.
Demokratiya və azadlığı məhdudlaşdıran,
estetika və gözəllikdən uzaq hərəkətlər isə insanlara narahatlıq verir,
onlarda əks-münasibət meydana gətirir. Xurafatçılar bu əks-münasibətin
İslama qarşı olduğunu desələr də, əslində, əks-münasibət İslama deyil,
bayağılığa qarşıdır. Quranda təsvir edilən İslam anlayışı isə
keyfiyyətli həyat tərzidir.
İslamda keyfiyyət Quranın ən əsas mövzularından biridir
Allah ən yüksək dərəcədə keyfiyyəti cənnətdə yaratmışdır. “(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən” (İnsan surəsi, 20) ayəsində xəbər verildiyi kimi, cənnətin hər yerində keyfiyyət və gözəllik hakimdir.
Geyimlər zövqlüdür:
”Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər”. (Duxan surəsi, 53)
Evlər və küçələr ehtişamlıdır:
”Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allah’ın vədidir. Allah vədinə xilaf çıxmaz”. (Zumər surəsi, 20)
Əşyalar dəbdəbəlidir:
”Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız”. (Zuxruf surəsi, 71)
İnsanlar kübar və gözəldir:
”Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır”. (Rəhman surəsi, 70)
Allah’ın cənnətdə
yaratdığı bu gözəllik və keyfiyyətin dünyadakı bənzəri isə ancaq əsl
İslam əxlaqı ilə yaşamaqla mümkündür. Əsl İslam dinində iltifat,
fədakarlıq, sülh, sevgi, demokratiya, əyləncə, estetika və həmçinin
gözəl, baxımlı, cazibədar insanlar var. Belə İslam anlayışı dünyada
İttihadi-İslamın qəbul edilməsinə və İslam əxlaqının hakim olmasına
vəsilə olar. Dövrümüzdə bu İslam anlayışının hakim olmasına Hz. Mehdi
(ə.s) vəsilə olacaq. Hədislərdən bu dövrdə insanların daima gözəlliklə
qarşılaşacağı, əxlaqları kimi yaşadıqları yerlərin, bağların, evlərin
dekorasiyasının, geyimlərinin, dinlədikləri musiqinin, əyləncə
tərzlərinin, rəsmlərinin, söhbətlərinin də gözəlləşəcəyi başa düşülür.
Peyğəmbərimiz (s.ə.v) bir hədisində Hz. Mehdi (ə.s) dövründəki bu gözəl
mühiti belə müjdələmişdir:
DÜNYADA VİRANƏ YER QALMAYACAQ VƏ HZ.
MEHDİ (Ə.S) HƏR YERİ BƏRPA EDƏCƏK, ABADLAŞDIRACAQ. (El Mehdiyy-il
Mev’ud, 1-ci cild, s. 264)
Keyfiyyət həyatın ən başlıca
bərbəzəyidir. Keyfiyyət itdikdə insanlar bədbinləşir, narahat olur,
eqoist və hissiyyatsız olur. İbadətlərini yerinə yetirirlər, ancaq
bayağılığa görə bədbəxt olurlar. Qaranlıq, miskin evlər, estetikadan
uzaq məkanlar, baxımsız ibadətxanalar insanlara xoşbəxtlik gətirmir.
Baxımsız görünən, üzündə sevgi ifadəsi olmayan, bezgin, qəzəbli, pis
üslubla danışan, gözəlliklərdən zövq almayan, hətta bunları məhv etməyə
çalışan, bir sözlə, mənfi enerjilərini ətrafa yayan insanlar cəmiyyətdə
çoxalır.
Belə cəmiyyətdə isə qardaşlıq,
gözəllik, sevgi, əmin-amanlıq, qısaca desək, rahatlıq yox olur. İnsanlar
bir-birindən uzaqlaşır və hətta bir-birindən çəkinib qorxurlar.
Bu bəladan xilas olmağın yeganə yolu isə Quranda bildirilən, xurafatdan uzaq İslam əxlaqını tam mənimsəməkdir.
Həyatı boyu çoxlu sayda insanın hidayətinə vəsilə olan mübarək Peyğəmbərimizin (s.ə.v) keyfiyyət anlayışı hər birimiz üçün nümunədir
Peyğəmbərimiz (s.ə.v)
çox keyfiyyətli həyat yaşamış, həmişə yüksək əxlaqla davranmışdır. Ən
gözəl, ən təmiz yeməklər yemiş, ən gözəl paltarlar geyinmişdir. Əbası
həmişə ağ və tərtəmiz, dişləri parlaq, təmiz olmuşdur. Keçdiyi yollarda
xoş ətrinin qoxusu qalmış, olduğu mühitləri sanki cənnətə çevirmişdir.
Hətta səhra şəraitində gül bağları salacaq qədər gözəllik və estetikaya
meyilli olmuşdur. O dövrdəki imkanlarla ən gözəl şərtlərdə keyfiyyətli
həyat yaşamışdır.
Peyğəmbərimizin (s.ə.v) seçdiyi sözlər,
işlətdiyi cümlələr, müraciət formaları çox keyfiyyətlidir. Hz. Aişə
(r.ə): “Rəsulullahdan (s.ə.v) daha gözəl əxlaqlı heç kim yoxdur.
Səhabələrdən və ailəsindən birisi onu çağırdıqda: “Buyurun”, – deyə
cavab verirdi. Buna görə Allah ona: “Həqiqətən də, sən böyük əxlaq
sahibisən”, – buyurmuşdur”, – deyə Peyğəmbərimizin (s.ə.v) gözəl
əxlaqını tərif etmişdir. Qadınlara verdiyi əhəmiyyət və üstünlük onun
üstün mənəviyyatının göstəricilərindəndir. Uşaqlara olan sevgisi, daima
gözəl söz söyləməsi, incə düşüncəli olması, Allah’dan çox qorxması,
vicdanlı olması, qısaca desək, bizim nümunə götürdüyümüz bütün gözəl
əxlaqi xüsusiyyətlər Peyğəmbərimizin (s.ə.v) keyfiyyətə verdiyi
əhəmiyyətin dəlillərindəndir.
Peyğəmbərimiz (s.ə.v) dövrünün ən
müasir, ən kübar insanıdır. Ən mərhəmətli, ən gözəl geyinən, ən gözəl
davranan, ən ağıllı, ən şəfqətli, ən ədalətli şəxsdir. Allah’ın izni
ilə, Hz. Mehdi (ə.s) dövründə hər kəs bu gözəl əxlaqla yaşayacaq. Bu
dəyərli şəxsiyyətin vəsiləsilə dünya sanki cənnətə çevriləcək, bolluq,
bərəkət, gözəlliklər artacaq, hər kəs bir-birinə sevgi, şəfqət
göstərəcək, qarşısındakını öz nəfsindən üstün tutacaq.
Hörmətli Adnan Oktar İslamda keyfiyyətin çox mühüm məsələ olduğundan bəhs edir:
İncəsənətdə, elmdə,
estetikada, siyasətdə – hər yerdə keyfiyyət olduqda bu cür İslam
anlayışını hər kəs qəbul edər. İslamın yayılmamasının yeganə səbəbi
keyfiyyətin əskik olmasıdır. Yoxsa insanlara, hətta dinsizə belə:
“Sevgi, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq, demokratiya, xoş niyyət,
xoş söhbət mühit, sosial ədalət, elmdə, incəsənətdə, estetikada ən
qabaqcıl irəliləyiş olacaq, nə deyirsən?” – desən: “Qəbul edirəm”, –
deyər. İslam məhz budur. Ancaq sən adama keyfiyyətli İslam anlayışı
təqdim etmirsən. Bəzi ibadətləri əziyyətə çevirmişsən. Dostluq və
sevginin yerini tamamilə başqa əhval-ruhiyyə tutub. İnsanlar dost-yoldaş
ola bilmirlər. Məzhəblər arasında belə əlaqə qurmaq çox çətindir.
Məsələn, bir dinsizlə dost olmaq, söhbət etmək çox asan olur, ancaq bir
dindarla dost olmaq bəzi yerlərdə çox çətindir. Ona görə, İslamın
yayılmasında, insanların İslamı qəbul etməsində əsas problem
keyfiyyətdir. Başqa problem yoxdur. Əgər bir adam: “Mən təbliğ edirəm,
ancaq İslam yayılmır”, – deyirsə, səhvi özündə axtarsın. Çatışmayan
cəhət keyfiyyətdir. Bəzi yerlərdə insanları yedirib-içirib, evlərində
saxlayırlar. Təbii ki, əgər həmin adam kasıbdırsa, bir az dinə, yəni
müsəlmanlara meyil edir. Ancaq bununla güclü nəticə əldə etmək olmaz.
Təbliğ metodu, üslubu doğru deyil. Ona görə, insanların İslamı qəbul
etməsi çətinləşir. İslamı o qədər mürəkkəb, çətin, həyatı da o qədər
miskin, əskik göstərirlər ki, bu, adama cəhənnəm kimi gəlir. Nə gərək
var? Cənnət kimi İslam, cənnət kimi mühit göstərsənə! Cənnət kimi
üslubdan istifadə etsənə! Adam elə bir şeyi niyə inkar etsin ki? Elə
qadın modeli təqdim edirlər ki, keyfiyyətdən əsər-əlamət yoxdur.
Çirkinliyi, bayağılığı əsas götürürlər. Təqdim etdikləri model gözəlliyi
tamamilə aradan qaldırır. Sanki gözəllik qadına yaraşmır, haram imiş
kimi göstərirlər. Baxımlı, təmiz, kübar qadına: “Bunun müsəlmanlıqla
əlaqəsi yoxdur”, – deyirlər. Ancaq çirkin qadına: “Təqvalıdır”, –
deyirlər. Çirkin, baxımsız, saçı saqqalına qarışmış, pinti kişiyə: “Hər
halda, bu övliyadır”, – deyirlər. Musiqi dinləmir, rəsm xoşlamır,
insanlardan uzaq durur, danışmır, iltifat etmir, çox qəribə həyat
yaşayır. Onu bəyənir, ancaq uzaq durur. Ondan həm utanır, həm də narahat
olur. Ancaq gizlicə birisinə: “Hər halda, bu adam təqvalıdır”, – deyir.
“Ancaq evimə gəlməsin, mənim uşaqlarımla danışmasın, bizdən uzaq
olsun”, – deyir. O cəhətdən təhlükəli hesab edir. Kübar görünən
insanlara isə dinsiz də olsalar, sevgi göstərir. Onlara heyran olur. Bu
baxımsızlığı əsas götürən insanlar keyfiyyətə heyran olurlar, eyni
zamanda, da düşməndirlər. Uşaqları, oğlu, qızı keyfiyyətə heyrandır.
Ancaq praktiki cəhətdən keyfiyyəti yanlış yol kimi göstərirlər. (7
dekabr 2012-ci il, A9 TV)
Bayağılıq İslama düşmən olan gizli qüvvədir
Möminlər Quran
əxlaqının qazandırdığı üstün keyfiyyət anlayışının İslamın bütün dünyaya
təbliğ edilməsində nə qədər mühüm yer tutduğunu dərk edirlər. Əvvəla,
iman gətirmiş insan sözləri ilə olduğu kimi, davranışları ilə də
ətrafındakı insanlara Quran əxlaqını təbliğ edir. Ona görə, bir mömin
anlayır ki, Quran ayələrində bildirilən bütün gözəl əxlaqi
xüsusiyyətləri və incə davranışları, əvvəlcə, özü tətbiq etməli və
digərlərinə nümunə olmalıdır. Çünki bayağılıq, əslində, İslama düşmən
olan, içəridən müsəlmanlara zərər verən, Quran əxlaqının təbliğinə mənfi
təsir edən gizli qüvvədir. İslam əxlaqının tərəfdarı olan və
başqalarını da Quran əxlaqı ilə yaşamağa çağıran insanın özünün Quran
əxlaqı ilə layiqincə yaşamaması, imanına yaraşmayan tərzdə davranması
gizli şəkildə İslam əxlaqının təbliğinə ziyan vurur. Bayağı insanların
Quran əxlaqına uyğun olmayan bayağı hərəkətlərlə gözəl əxlaq və
keyfiyyətə tərəfdar olması insanlar üzərində müsbət təsirin
formalaşmasına mane olur. Bir çox insan gözəl əxlaqı təbliğ edən
insanların davranışlarındakı bu çatışmazlıqlara görə mənfi
təsirlənirlər. Bu, onların Quran əxlaqı haqqında yanlış qənaətə
gəlməsinə və məhz bu cür insanların davranışlarına görə İslamdan
uzaqlaşmalarına səbəb olur.
Unutmaq olmaz ki, hər möminin təkbaşına
İslamı və bütün müsəlmanları təmsil etmək kimi mühüm vəzifəsi var.
Həyatının hər anında harada, hansı şərtlər altında və necə insanlarla
olsa da, Quran əxlaqına uyğun həyatından əl çəkməməlidir. Olduğu mühitə,
təmasda olduğu insanların əxlaqına, mövqeyinə və ya maddi gücünə,
gördüyü işə, iştirak etdiyi söhbətin mövzusuna görə dəyişməməlidir.
Çünki belə davranış Quran əxlaqına ziddir. Allah Quran ayələrində
davamlı olan saleh əməllərin qəbul edildiyini bildirir. Mömin Allah’ın
rizasına ən uyğun əxlaqda həyatının sonuna qədər qətiyyətli olar.
Allah’ın rizasına uyğun olmadığını bilə-bilə Quran əxlaqına zidd
hərəkətləri etməz. Allah’ın Quranda bildirdiyi və təriflədiyi təqva
əxlaqına uyğun olan budur. Allah Quranda möminlərin təqva sahiblərinə
rəhbər olan nümunəvi şəxslər olmağı qarşılarına məqsəd qoyan insanlar
olduğunu belə bildirir:
Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” – deyərlər. (Furqan surəsi, 74)
MAŞALLAH. HALAL olsun...
YanıtlaSilALLAH razi olsun
YanıtlaSil