Quran əxlaqı ilə necə yaşamaq olar?


Quran əxlaqı nə deməkdir?
 Quran əxlaqı dünyada gözəl həyat yaşamaq və əbədi axirətə hazırlıq görmək üçün Allah’ın insanlara lütfüdür. İnsanın həyatı boyu qarşılaşdığı hər hadisədə necə davranmalı olduğunu, Rəbbimizin hansı davranışları bəyəndiyini öyrənəcəyi həyat rəhbəridir. Bu əxlaqla yaşamaq çox asan, zövqlü və rahatdır.
 Dünyada və axirətdə gözəl əxlaqın sirri: Quran əxlaqı
 Quran əxlaqı insanın fitrətinə uyğun yeganə həyat tərzidir. İnsanı yoxdan yaradan Allah onun nələrə ehtiyacı olduğunu, hansı ibadətləri yerinə yetirməyə gücü çatdığını, necə sağlam, rahat və xoşbəxt olacağını bilir. 
Din əxlaqına uyğun yaşamaq insanların üzərindəki bütün ağırlığı, onların həyat tərzini məhdudlaşdıran çətinlikləri aradan qaldırır. İnsanın ancaq sonsuz mərhəmət sahibi, şəfqətli, bağışlayan, hər şeyi xeyirlə yaradan, bütün gücün sahibi olan Allah’ın onun üçün müəyyən etdiyi qədərə təslim olmasını, hər şeydə ancaq Onun rizasını istəyərək Ona üz tutmasını bildirir.
Kainatdakı hər varlığın və baş verən hər hadisənin sahibi olan Allaha güvənmək və Onu dost tutmaq insanın həyatındakı bütün qorxuların, narahatlıqların, sıxıntı və çətinliklərin də sonu deməkdir.
Bu həqiqəti bilməyən bir çox insan isə din əxlaqından uzaqlaşdıqda daha rahat yaşayacaqlarını, əxlaqi dəyərlərə əhəmiyyət vermədikdə müstəqil olacaqlarını düşünürlər. Din əxlaqının həyatlarını çətinləşdirən bəzi məhdudiyyətlər gətirdiyini zənn edirlər. Halbuki, bütün bunlar insanların səhvi və şeytanın yalanlarıdır. Çünki Allah’ın buyurduğu din əxlaqına uyğun yaşamaq olduqca asandır. Əslində isə Allah’ın bildirdiyi hədləri tanımayan insanlardan ibarət cəmiyyətdə yaşamaq çətindir. Belə bir həyat tərzi çox pis nəticələrə səbəb olur.
Din əxlaqından uzaq yaşayan cəmiyyətdə və ya iman gətirməyən insanların həyatlarında, əsasən, xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress hakimdir.
Bu cür cəmiyyətdə yaşayan, Allahdan lazımınca qorxmayan bir insan hər cür əxlaqsızlığı edə bilər, heç bir şeydə sərhəd tanımaz və əxlaqsız həyat tərzi yaşayar. Belə bir həyatda insanlar bir-birləri üçün fədakarlıq etməz, bir-birlərinə sevgi, hörmət bəsləməz, çətin anlarda maddi-mənəvi dəstək olmazlar. Buna görə də belə bir həyat əsla heç bir insana xoşbəxtlik gətirməz. Din əxlaqına uyğun yaşamadığı mühitdə insan rahatlıq tapmaz, hələ bu dünyada olarkən cəhənnəmin mənəvi əzabını çəkməyə başlayar.
 Quran əxlaqı ilə necə yaşamaq olar?
 İnsanlar üçün ən gözəl nümunələrin verildiyi, hər sualın cavabının olduğu Quranda namaz qılmaq, zəkat vermək, oruc tutmaq kimi hamıya məlum olan ibadətlərlə yanaşı, hərtərəfli tərif edilən bir həyat tərzi və əxlaq anlayışı var. Allah qatında qarşılığı olan və Rəbbimizin razı qaldığı bir çox davranış tərzi Quran ayələrində xəbər verilmişdir. Bu davranışların hər biri eynilə namaz qılmaq kimi uca Allah’ın əmridir və ibadətdir. Quranda həm də Rəbbimizin əmrlərinə uyğun olaraq çəkinəcəyimiz bir çox pis hərəkət və rəftar da xəbər verilmişdir.
Bununla yanaşı, dünya həyatı bir imtahan yeri olduğuna görə, hər insanın dünyada qaldığı müddət ərzində müxtəlif səbəblərlə imtahan olunacağı aşkardır. Nəfəs aldığımız hər an imtahanımız fasiləsiz davam edir. Allah’ın bizim üçün təqdir etdiyi ölüm vaxtı gələnə qədər davam edəcək. Ona görə, hər insan hər yeni gün müxtəlif hadisələrlə imtahan ediləcək, davranışlarından məsul olacaq.
Quran əxlaqı ilə yaşamaq bütün bu hökmlərin işığında həyat tərzi keçirməkdir.
 Rəbbimizi razı edən davranışlar hansılardır?
 Rəbbimizi razı edən davranışların hansılar olduğunu öyrənmək üçün bizə təqdim edilmiş dəyərli iki rəhbər var: Qurani-kərim və Peyğəmbərimizin (s.ə.v) sünnəsi.
Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) Quran əxlaqına uyğun davranış və tövsiyələri hədislər vasitəsilə bizə gəlib çatmışdır. Sünnə Peyğəmbərimizin (s.ə.v) Quran əxlaqı ilə necə yaşadığının ən gözəl nümunələridir. Peyğəmbərimiz: “Din asanlıqdır. (Buhari, İman: 29; Nesai, İman: 28; Musned, 5:69)” – buyuraraq insanları din əxlaqı ilə yaşamağa dəvət etmişdir.
Anlayış, mərhəmət, gülərüzlülük, incə düşüncəli olmaq, fədakarlıq, vəfa, xeyirxahlıq, ədalət, sədaqət, təvəkkül, ixlas, şövq, təmizlik, səmimiyyət, şəfqət, vicdan, təvazökarlıq, qənaətkarlıq, səbir… Bütün bu gözəl əxlaqi xüsusiyyətlər Quran əxlaqı ilə yaşamağa səbəb olan, insanın yaradılış fitrətinə uyğun, insana xoşbəxtlik və rahatlıq verən, uca Allah’ın bəyəndiyi və təriflədiyi davranışlardır.
Şirk, eqoistlik, təkəbbür, qısqanclıq, yalan, məsxərə, qeybət, pislik, fitnə-fəsad, israf, qəzəb kimi pis davranışlar isə pis əməllərdir.
Yuxarıda sadalanan mənfi və müsbət bir çox cəhət bütün cəmiyyətlərdə tanınan əxlaqi xüsusiyyətlər olsa da, bunları həyata keçirməli olduqda bəzi çatışmazlıqlar ortaya çıxır. Məsələn, bəzi insanlar cəmiyyətdə yaxşı tanınmaq üçün bəzi mənfi hərəkətlərdən uzaq durur, ancaq tək olduqda və kimsə görmədikdə çəkindikləri həmin hərəkətləri edirlər. Çünki bu davranışların əhəmiyyəti, qarşılığı və məsuliyyətini yaxşı dərk etmir, düşünmür və çox vaxt etinasız yanaşır. Əksər hallarda gözəl əxlaqi xüsusiyyətlərə “olsa, yaxşı olar, olmasa, o qədər də vacib deyil” məntiqi ilə yanaşırlar. Halbuki, Quran əxlaqının təməlində Allah qorxusu və Allah’ın rizasını qazanmaq istəyi var. Bir mömin Allaha olan bağlılığı, sevgisi və qorxusuna görə Onun əmrlərini dəqiqliklə yerinə yetirir, Onun rizasını qazanmaq üçün ciddi səy göstərir. Buna görə də mömin hamının bildiyi, ancaq çox vaxt həyata keçirmədiyi əxlaqi xüsusiyyətləri müəyyən şüur və məqsədlə yerinə yetirir. Bu məqsədində də səmimi, qətiyyətli və daimidir. Uca Rəbbimiz ancaq Onun üçün ixlasla edilən davamlı və saleh əməllərdən razı qalacağını Qurani-kərimdə bildirmişdir:
 ”Allah doğru yolda olanların doğruluğunu artırar. Davamlı olan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!” (Məryəm surəsi, 76)
 Bir neçə misal çəkək: gözəl sözlə bir müsəlmanı şövqləndirməyin, ona Allah’ı xatırlatmağın, bir mömin üçün fədakarlıq etməyin və buna bənzər saysız-hesabsız əməlin Allah qatında mükafatı olan ibadət olduğunu unutmaq olmaz.
 Quran əxlaqının insana qazandırdığı üstün xüsusiyyətlər
 Ancaq həqiqi iman sahibləri lazımınca Quran əxlaqı ilə yaşayar və bu gözəl həyatı yaşamaqdan böyük həzz alarlar. Ona görə, uca Allaha səmimi qəlbdən iman gətirmək vacibdir. İman şüuru ilə hərəkət edən bir insan bütün həyatını uca Rəbbimizi razı etməyə həsr edər, Onun rizası üçün nəfsinin mənfi xüsusiyyətlərindən xilas olar, vicdanının səsini dinləyərək yaxşılıq və gözəlliyin tərəfində olar, bu yolla Quran əxlaqı ilə əxlaqlanar.
Quran əxlaqı ilə yaşamağa qərar verən şəxs özünü Allaha təslim etməli və Quran əxlaqını özünə rəhbər etməlidir.
  • Beləliklə, bu insanın həyatında, davranışlarında, düşüncələrində, qərarlarında və söhbətlərində çox mühüm dəyişikliklər meydana gələr.
  • Bundan sonra Allah’ın iznilə, qəlbinə yerləşən Allah qorxusu sayəsində məhşər günündə hesabını verə bilməyəcəyi heç nəyi etməmək üçün səy göstərər. Çünki bu insan Allah’ın hər an onu gördüyünə və dünya həyatındakı bütün işlərinə görə sorğu-sual olunacağına yəqinliklə inanmışdır.
  • Buna görə, ətrafındakı insanların hər hansı səhvinə anlayışla yanaşar və onu bağışlayar. Kiçik yaxşılığın belə axirətdə əvəzinin misli ilə veriləcəyini bildiyinə görə ətrafındakı insanlara qarşı həmişə xeyirxah, fədakar, təvazökar, hörmətcil və ədalətli olmağa çalışar.
  • İşlər planlaşdırdığı kimi getmədikdə bunun xeyirli olduğunu bildiyi üçün Allaha təvəkkül edərək və qədərinə təslim olaraq rahat yaşayar.
  • Qəzəbləndikdə qəzəbini cilovlamaqdan, mərhəmətli və şəfqətli davranmaqdan, səbirli, ədalətli və təvazökar olmaqdan və bunun kimi gözəl əxlaqi xüsusiyyətləri həyata keçirməkdən zövq alar.
  • Verdiyi qərar nəticəsində Quran əxlaqını özünə rəhbər tutan insanın keçmişdəki dəyər ölçüləri tamamilə dəyişər. Məsələn, həmişə hər vəziyyətdə güclünün deyil, haqlının tərəfində olar, ədalətdən ayrılmaz.
  • Ətafındakı insanları mövqelərinə, gözəlliklərinə, mədəniyyətlərinə və ya zənginliklərinə görə deyil, Allah qorxularına görə dəyərləndirər.
  • Allahdan başqa heç kimdən kömək gözləməz, qorxuya, ümidsizlik və bədbinliyə qapılmaz.
  • Bu insan, təbii ki, cidd-cəhdlə israfçılıqdan çəkinər, nəfsinin istəklərindən qorunar, təmizlik və estetikaya əhəmiyyət verər.
  • Nemət və bolluq içində yaşadığı anlarda olduğu kimi, darlıq, çətinlik və sıxıntı vaxtlarında da şükür edər.
Bütün bu sadaladıqlarımızdan insanın ruhu zövq alır, Allah’ın rizasını istəyərək etdiyi və adi görünən hər iş, yediyi hər yemək, baxdığı hər gözəl mənzərə, dediyi hər gözəl söz onun üçün savab və xoşbəxtlik mənbəyi olur.
Bundan əlavə, bu gözəl əxlaqi xüsusiyyətlərdən xəbərdar olan insan Allah’ın üzərinə yüklədiyi məsuliyyət olaraq İslam əxlaqının insanlar arasında yayılması üçün səy göstərməli və ya bu yolda cəhd edənlərə kömək etməlidir.
Unutmaq olmaz ki, Rəbbimiz qullarından daimi saleh əməllər etməyi istəmişdir. Ona görə, ancaq qətiyyət və iradə ilə din əxlaqına uyğun yaşamaq olar. Müsəlmanın vəzifəsi Allah’ın vəhy etdiyi bu üstün əxlaqı ən incə təfərrüatına qədər tətbiq etməkdir.
 Quran əxlaqı ilə yaşamayanların gərəksiz bəhanələri
 Buraya qədər izah edilənlərin doğruluğunu hər vicdanlı insan qəbul edər. Ancaq yenə də bəzi insanlar dünyadakı əməllərinə görə sorğu-sual olunacaqlarını qəbul etdikləri halda, şeytanın başqa bir yalanına aldanırlar. Şeytan bəzi lüzumsuz bəhanələr uyduraraq insanların din əxlaqı ilə yaşamaq üçün ciddi səy göstərmələrinə mane olmaq istəyir. Şeytanın bu cəhdi Quranda belə bildirilir:
 Dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam; yalnız Sənin ixlaslı bəndələrindən başqa! (Sad surəsi, 82-83)
 ”Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm  və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Əraf surəsi, 17)
 Şeytanın təlqini ilə meydana gələn səhv düşüncələrdən bəziləri bunlardır:
Ətrafımızda rast gəldiyimiz bəzi insanlar dindar olmaq, əxlaqlı olmaq kimi anlayışları şüurlu və ya şüursuz şəkildə fərqli qavrayırlar. Bu insanlar əxlaqlı olmağı adam öldürməmək, yalan danışmamaq, oğurluq etməmək və buna bənzər bir neçə əsas davranışdan ibarət hesab edir. Bir neçə ibadəti yerinə yetirib ən çox məlum olan haram işlərdən uzaq durmağı anlayır və ya əsasən, asan olduğu üçün bunları yerinə yetirirlər. Halbuki, əsl asanlıq tam, lazımi qaydada Quran əxlaqına uyğun yaşamaqdadır.
Bu yanlış təfəkkürə malik insanlar Qurana uyğun olmayan məntiqə əsaslanaraq Allah’ın hökmlərini yanlış şəkildə əhəmiyyətinə görə ayırd edirlər. Hətta bəzi hökmləri də tamamilə həyatlarında çıxararaq bir kənara qoyurlar. Quranda fərz olduğu açıq şəkildə bildirilən bir çox məsələ “Etsən, savabdır; etməsən də, heç nə olmaz” məntiqi ilə dəyərləndirilir. Çəkinməli qadağalar isə “Allah bağışlayar” məntiqi ilə rahatlıqla çeynənilir. Halbuki, Quranın heç bir ayəsində belə bir ölçüdən bəhs edilmir. Namaz, oruc kimi ibadətlər Allah’ın qəti əmri olduğu kimi, Quranda bildirilən digər əmr və qadağalar da eyni şəkildə bütün möminlər üçün qəti hökmlərdir. Allah Quranda insanları buna qarşı belə xəbərdar edir:
 ”… Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir” (Bəqərə surəsi, 85)
 Bu mövzunu belə bir misalla açıqlaya bilərik:
Bir insan cəmiyyətin əxlaqi təzyiqi ilə zina və ya oğurluq kimi Quranda qadağan edilmiş əməllərdən çəkinə bilər.
Ancaq bu insan vicdanını susduraraq narahat olmadan:
  • başqalarının qeybətini edirsə,
  • lovğalanıb insanları özündən aşağı görürsə,
  • insanların razılığını qazanmaq üçün yaxşı işlər görürsə,
  • möminlərə iftira atırsa,
  • etməyəcəyi bir şeyi deyirsə,
  • Quranda bildirilən vaxtlarda ibadətlərini yerinə yetirmirsə,
  • Quranda tərif edilən qadağan edilmiş əməllərdən çəkinməyi əhəmiyyətsiz hesab edirsə,
bu insanın tam şəkildə Quranda bildirilən gözəl əxlaqla yaşadığını demək olmaz.
Bu insanların düşdüyü ən böyük səhvlərdən biri isə Quranda bildirilən hökmlərdən bir neçəsini yerinə yetirdiklərinə görə əxlaqlarını kafi hesab etmələridir. Əlbəttə, Allah qatında Rəbbimizin rizası üçün edilən hər ibadətin qarşılığı var. Ancaq bilə-bilə, görməzlikdən gəlib yerinə yetirilməyən ibadətlərin də məsuliyyəti böyükdür. Namazını qılan, orucunu tutan bir kəs əgər bütün bunları səmimi şəkildə edirsə, Allah’ın iznilə, axirətdə qarşılığını alacaq. Ancaq bilmədiyinə və ya cahilliyinə görə deyil, Qurandakı digər hökmlərə məhz bilə-bilə əhəmiyyət vermir və yerinə yetirmirsə, axirət günü gözləmədiyi vəziyyətlə qarşılaşa bilər (doğrusunu Allah bilir).
Digər lüzumsuz bəhanə isə budur ki, Quran əxlaqı ilə tam yaşamaq üçün dünyəvi işlərdən tamamilə uzaq durmaq lazımdır. Bu düşüncədə olan insanlar ancaq peyğəmbərlərin və bəzi xüsusi elm sahibi olan şəxslərin Quran əxlaqı ilə yaşaya bildiyini, özlərinin bu məsuliyyəti daşımağa güclərinin və vaxtlarının çatmadığını iddia edirlər. Halbuki, Allah insanlara güclərinin çatmadığı yükü yükləmədiyini, möminlərin dünyadan  onlara düşən payı unutmamalarını və insanlar üçün asanlıq istədiyini Quran ayələrində açıq şəkildə bildirmişdir:
 ”… Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz” (Bəqərə surəsi, 185)
 Quran əxlaqı ilə yaşamaq asandır
 Allah’ın bütün əmr və hökmləri insan fitrətinə ən uyğun şəkildədir və heç birində çətinlik yoxdur. Rəbbimiz Quranda din əxlaqı ilə yaşamağın asan olduğunu və bu əxlaqa tabe olanların işlərini asanlaşdıracağını belə bildirir:
 ”Səni ən asan olana müvəffəq edərik” (Əla surəsi, 8)
“…  O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı…” (Həcc surəsi, 78)
 Ayələrdə də buyurulduğu kimi, Quran əxlaqı ilə yaşanan həyat insan üçün, Allah’ın iznilə, ən gözəl həyat tərzidir.
Nəticə olaraq bunu xatırlatmaq istəyirik ki, İslam əxlaqını olduğu kimi asan göstərmək, insanların qəlblərini Quran əxlaqına isindirmək, insanlara ayələri və Peyğəmbərimizin (s.ə.v) sünnəsini öyrədib bu əxlaqla yaşamalarına səbəb olmaq hər müsəlmanın mühüm vəzifəsidir.

Hiç yorum yok:

Yorum Gönder