Allah qorxusu ağılın, dürüstlüyün və sevginin əsas səbəbidir


Allah qorxusu bir insanın həm imanının çox kəskin göstəricisi, həm də onun əbədi həyatını müəyyən edən mühüm xüsusiyyətdir. İnsan ancaq Allah’dan qorxub çəkinərsə, axirətdəki sonsuz cənnət həyatına qovuşmağa ümid bəsləyə bilər. Dünyada isə gözəl əxlaqa yiyələnmək ancaq Allah’dan qorxmaqla və Onun əmrlərinə qəti şəkildə riayət etməklə mümkündür.
Allah’a qovuşacağını bilən və hər əməlinin qarşılığı olduğunu dərk edən insanla kimsəyə hesab vermək məcburiyyətində olmadığını zənn edən insanın əməlləri arasında böyük fərq var. Allah qorxusu olmayan insan hər cür pisliyi edə, mənfəəti üçün hər cür əxlaqsızlığa göz yuma bilər. Məsələn, çox adi səbəbdən və ya dünyəvi mənfəət üçün gözünü belə qırpmadan adam öldürən insan bunu Allah’dan qorxub çəkinmədiyi üçün edər. Halbuki, Allah’dan qorxan insan nəinki bir adamı öldürməz, ən kiçik pisliyi belə etməz. Allah’dan qorxan insan sədaqət, vəfa, doğruluq, dürüstlük, səmimilik kimi xüsusiyyətlərə malikdir. Qurani-kərimin bir çox ayəsində bu üstün əxlaqi xüsusiyyətlərə malik möminlərdən bəhs edilir. Əslində, bütün insanların həsrətini çəkdiyi əxlaq modeli budur. Allah qorxusu olmadıqda bir insanda bu xüsusiyyətlərin əsl mənada və daimi olması mümkün deyil. Allah’dan qorxan insan isə mənfəətlərinə zidd olduqda belə Allah’dan və cəhənnəmə girib əzabla qarşılaşmaqdan qorxduğuna görə Quran əxlaqı ilə yaşayar.
 Möminlər ancaq Allahı razı salmağa çalışırlar
 Mömin Allahın hər şeyin hakimi, yeganə güc və qüvvət sahibi olduğunu, hər şeyin Allah’ın istəyi ilə mövcud olub varlığını davam etdirdiyini bilir. Ona görə, əslində, heç bir güc və qüvvətə, təsirə malik olmayan yaradılmışların razılığını güdməyin faydasız olduğunu dərk edir. Bu dünyada Allah’dan qorxaraq Onun rizasını istəməsi insanı axirətdəki qorxunc əzabdan xilas edəcək əməldir:
 “Allahın rizasını qazanmaq ardınca gedən şəxs Allah’ın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun yeri cəhənnəmdir. O yer necə də pisdir!” (Ali-İmran surəsi, 162)
 Kiçik-böyük hər şeyin aşkara çıxarılacağı, əllərin və dərilərin şahidlik edəcəyi vaxt gələcək. Bundan qorxan mömin həyatını bu həqiqətə əsasən yönləndirər və Allah’ın rizasından əsla heç bir şərtdə əl çəkməz. Hz. Yusifin (ə.s) davranışı bu mövzuya çox gözəl nümunədir. Hz. Yusif (ə.s) ondan murad almaq istəyən qadının bütün hədə-qorxularına baxmayaraq namusunu qorumuş, Allah’ın rizasından əsla əl çəkməmiş, Onun hədlərini aşmaqdansa zindana girməyi üstün tutmuşdur. Allah bu üstün əxlaqı ayələrində belə bildirir:
 (Qadın) dedi: “Barəsində məni qınadığınız bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”. (Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyil edər və cahillərdən olaram”. (Yusif surəsi, 32-33)
 Mömin həmişə vicdanı ilə hərəkət edər
 Allah’a qulluq edən şəxs nəfsinin istək və arzularına itaət etməz. Bilə-bilə belə davrandığı təqdirdə dünyada və axirətdə Allah’ın qəzəbinə gəlməkdən hər vəchlə çəkinər. Allah’ın əmrlərinə zidd davransa, aşağıdakı ayələrin hökmünün üzərində haqq olacağından qorxar. Allah ayələrində belə buyurur:
 ”Lakin zülm edənlər nadanlıqla nəfslərinin istəklərinə uydular. Allah’ın yoldan çıxartdıqlarını doğru yola kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!” (Rum surəsi, 29)
 ”Nəfsini özünə tanrı edən və Allah’ın elmi sayəsində yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allah’dan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (Casiyə surəsi, 23)
 Şeytan və nəfsi insanı əvvəlcə Allah qorxusundan uzaqlaşdırmağa çalışır (Allah’ı tənzih edirik). Allah’dan qorxmağın lazımsız, hətta yanlış olduğunu, Allah sevgisinin və ürəyin təmiz olmasının əsas olduğunu təlqin edərək onun Allah’dan qorxub-çəkinməsinə mane olmaq istəyir. Halbuki, Quranı oxuyan şüurlu insan şeytanın bu cür təlqinlərinin yalan olduğunu, tamamilə azdırma, aldatma məqsədi daşıdığını asanlıqla görər. Çünki Allah möminlərə Ondan qorxmalarını Quranda çox açıq şəkildə əmr edir.
 Allahdan qorxan insan bütün gözəl əxlaqi xüsusiyyətləri mənimsəyər
 Allahdan qorxan insan sədaqət, vəfa, doğruluq, dürüstlük, səmimiyyət kimi bütün gözəl əxlaqi xüsusiyyətləri mənimsəyir. Quranın bir çox ayəsində bu üstün əxlaqi xüsusiyyətlərə malik möminlərdən bəhs edilir. Əslində, bütün insanların həsrətini çəkdiyi insan modeli budur. Lakin Allah qorxusu olmadıqda bir insanda bu xüsusiyyətlərin əsl mənada və daimi olması mümkün deyil. Çünki Allah’dan qorxmayan bir insan öz mənfəətinə zidd olduqda Quran əxlaqı ilə deyil, mənfəətinə uyğun olan tərzdə davranır. Bu cür insanlar uca Allah’dan, Ona cavab verməkdən, cəhənnəmə girib pis əməllərinin cəzasını çəkməkdən qorxmadıqlarına görə, belə davranmalarına mane olan heç nə yoxdur.
 Allahdan qorxan insan heç kim görmədikdə belə Allah’ın hədlərini qoruyur
 Allahdan çox qorxan insan insanlar arasında olduqda da, heç kimin görmədiyi yerdə də Allah’a qarşı çıxmaqdan çəkinir. Çünki bir pisliyi istər hamının içində, istərsə tək etsin, istər açıqlasın, istərsə gizlətsin, Allah’ın bunu bildiyini, Allah’ın aşkarı da, gizlini də, hətta gizlinin gizlisini də bildiyini və onu buna görə məsuliyyətə cəlb edəcəyini bilir. Səmimiliyini Allah’ın sınayacağını və imtahan məqsədilə ona müxtəlif fürsətlər, uyğun mühitlər yaradacağını da bilir. Allah bir ayədə möminlərə belə əmr etmişdir:
 ”Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar” (Ənam surəsi, 120)
 Allahdan qorxan insan həmişə Allah’a üz tutar
 Allahdan lazımınca qorxub çəkinən möminlər başlarına hər hansı müsibət gəldikdə və ya işlərində problem hiss etdikdə, sıxıntıya düşdükdə dərhal vicdanla düşünər, əməllərinə baxar və Allah’ın razı qalmadığı bir şey edib-etmədiklərini nəzərdən keçirərlər. Allahdan bağışlanma diləyib Ona dua edərlər.
Allahın rizasını qazanmaq şövqü və eyni şəkildə Onun rizasını itirmək qorxusu onları çox həssas edir. Bu mövzuda da hz. Davudun (ə.s) davranışı möminlərə gözəl nümunədir. Quranda hz. Davudun (ə.s) Allah’a dərin hörməti bu mübarək peyğəmbərin başına gələn bir hadisədən bəhs edilərək belə xəbər verilir:
 ”Çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər. Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər! Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”. (Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır” (Sad surəsi,  21-25)
 Ayələrdən göründüyü kimi, hz. Davud (ə.s) çox ədalətli qərar verdiyi və hökmünün doğruluğu açıq-aşkar bəlli olduğu halda, Allah qorxusu ilə Rəbbimizə üz tutmuş və yenə də bağışlanma diləmişdir. Şübhəsiz ki, səmimi Allah qorxusunu təqlid etmək mümkün deyil. Bu, ancaq Allah’ın qədrini haqqı ilə təqdir edənlərin Allah’a olan sevgilərinə və hörmətlərinə görə Rəbbimizin razılığını itirmək qorxusudur.
 Allah qorxusu və Allah sevgisi bir-birindən ayrılmaz
 İnsan Allahın sevgisini itirəcək pislikləri etməkdən Allah qorxusu ilə çəkinir. Məsələn, bir ayədə “…Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevmir!” (Nisa surəsi, 36) buyurulur. Allah qorxusu olan insan Allah’ın sevgisini qazanmaq üçün lovğalanmaqdan çəkinir. Məhz bu səbəbdən Allah qorxusu və Allah sevgisi bir-birindən ayrılmaz.
Peyğəmbərimiz (s.ə.v) bir hədisdə Allah qorxusunun əhəmiyyətini belə bildirir:
Muaz! Sənə hər daşın, ağacın və divarın yanında – harada olursan ol, Allah’dan qorxmağını, etdiyin hər günahdan sonra gizlisinə gizli, açığına da açıq şəkildə tövbə etməyini tövsiyə edirəm. (Ebu Nuyam el-İlye, Beyhaki, ez-Zühd’de açıklamışlardır; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.793)
 Allah qorxusunu bir anda qazanmaq mümkündür
 Allah qorxusunu əldə etmək üçün çox çətin mərhələlərdən keçmək lazım deyil. Əksinə, şüuru açıq, düşünən hər insan asanlıqla dərin Allah qorxusunu hiss edə bilər. Bir insanın əsl Allah qorxusunu qazanmaq üçün dərindən səmimi düşünməsi kifayətdir. İnsanın bu üstün əxlaqi xüsusiyyəti qazanması duasından, səmimiliyindən və vicdanını dinləməsindən asılıdır. Allah’dan layiqincə qorxaraq Onun qədrini haqqı ilə təqdir edən bir insan həm dünyada rahat yaşayar, həm də axirətdə Allah’ın razı qaldığı səmimi möminlərlə birlikdə nicat tapmağa ümid bəsləyər. Uca Rəbbimiz iman gətirən və Ondan səmimi qorxan qullarını belə müjdələyir:
 ”Öz Rəbbindən qorxanları altından çaylar axan cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. (Bu,) Allah’dan bir ziyafətdir. Allah’ın dərgahında olan (nemətlər) möminlər üçün daha xeyirlidir” (Ali-İmran surəsi, 198)
 Allahdan layiqincə qorxmaq Allahın böyüklüyünü, şanını və əzəmətini, üstün məqamını, sonsuz elm və qüdrətini, qulları üzərindəki qeyd-şərtsiz güc və hakimiyyətini, istədiyini istədiyi kimi həyata keçirəcəyini daima yadda saxlamaq və düşünməklə Allah’ın vədinə, xəbərdarlığına, haqq-hesab gününə, şiddətli cəzasına, sonsuz və qorxunc cəhənnəm əzabına tam yəqinliklə iman gətirməklə mümkündür. Bu iman güclü Allah qorxusuna vəsilə olur. Bu qorxu isə insanın bütün davranış və hərəkətlərini, danışığını Allah’ın razılığına uyğun yönləndirməsinə səbəb olur. Allahdan qorxan şəxs Onun hədlərini cidd-cəhdlə qoruyur.
 Cənab Adnan Oktar Allah qorxusunun gözəl əxlaq qazandırdığından bəhs edir:
 Adnan Oktar: Allaha inanmamaq, Allahı sevməmək çox qorxunc sistemdir. Deyirlər ki, sadəcə Allahı sevsək olarmı? Xristian rahiblər Allahı sadəcə sevirlər, Allahdan qorxmurlar, lakin bu onların əxlaqına ciddi şəkildə mənfi təsir edir. Məsələn, Yunanıstanda keşişlər toplanıb dua edirlər. Allah’dan qorxmadan təkcə Allah sevgisi ilə heç nə əldə edə bilməzsən. Allah qorxusu ağıl qazandırır. Allah qorxusu olmasa, ağlın gedər. Allah qorxusu dürüstlük qazandırır.
Allahı sevən insan mənfəətinə zidd olduqda belə doğru olanı edər… Ona görə, bəziləri hər cür əxlaqsızlığı edirlər. Məsələn, mağazanın içində gəlib qadını bıçaqlayırlar. Cinayətkar isə əmindir ki, heç kəs heç nə etməyəcək. Millət dayanıb baxır. “Nə olub?” – deyə içəri gir, qolunu bük, əlindən bıçağı al. Üstünə yerisən, heç nə edə bilməz, çünki səndən çəkinir. O, bıçaqlamaq istədiyi adama qəzəblənmişdir. Araya girib: “Allah’dan qorx”, – deyər, nəsihət edərsən. “Özünə gəl, şeytandan Allah’a sığın, bu, Allah’ın bir quludur, dəli olubsan?” – deyərsən, inşaAllah (25 iyul 2012-ci il, A9 TV)
Adnan Oktar: Allah qorxusunun olmamasını, Allah sevgisinin olmasını istəyirlər. Ancaq Allah sevgisi olsa, Allah’ı sevdiklərini sübut etmək üçün mühit olmaz. Allah qorxusu olmadıqda dinsizlik dünyaya hakim olar. Sevgi, şəfqət, mərhəmət, yaxşılıq, gözəllik və ağılın kökündə Allah qorxusu dayanır. Allah qorxusu olmadıqda insanlar ağlasığmaz zülmlər edər. “Mən Allah’ı sevirəm”, – deyib hər cür anormal hərəkəti edər. Ancaq Allah qorxusu gözəl əxlaqın təməlidir. Əgər insan Allah’dan qorxursa,  vəfalı, sədaqətli olur, etinasız, laqeyd olmur. Allah’dan qorxmursa, həmin insan üçün vəfa duyğusunun heç bir mənası qalmaz. “Allah’ı sevirəm”, – deyər, heç nə etməz. Daima Allah’dan bir şey istəyər, ancaq Allah’a bir şey vermək istəməz. Təbii ki, Allah’ın heç nəyə ehtiyacı yoxdur, ancaq Allah üçün özündən bir şey fəda etmək istəməz. Malını Allah yolunda sərf etmək istəməz. Allah’ın ona mal verməsini istəyər, ancaq Allah üçün malını verməz. Allah qorxusu ilə insan malını Allah yolunda sərf edər. Allah qorxusu hikmətin və ağılın da təməlidir. Allah qorxusu olmasa, insanın ağlı gedər. Ona görə, Allah qorxusu böyük nemətdir. (22 iyul 2012-ci il, A9 TV)

Hiç yorum yok:

Yorum Gönder