Təmiz ağıl sahibi olmaq dərin
düşünməyi, incəlikləri qavramağı, hikmətli danışmağı, doğru ilə yanlışı
bir-birindən ayırd etməyi, hadisələr haqqında mühakimə yeritməyi, doğru
qərarlar verməyi və xeyiri görməyi ifadə edir. Vicdanının səsini
dinləyərək Allah’a üz tutan hər insan qısa müddətdə təmiz ağıla sahib
ola bilər. Bunun üçün Allah’a səmimi iman gətirmək, Ondan lazımınca
qorxmaq və Rəbbimizin istədiyi kimi həyat yaşamaq lazımdır. Bu səmimi
iman insana ağıl qazandırır.
Allahdan çox qorxmaq
Ağıl insanın həyatının sonuna qədər
inkişaf edən xüsusiyyətdir. Bu isə tamamilə Allah qorxusu ilə və vicdanı
gücləndirməklə əlaqədardır. Allah bir ayədə “Allahdan bacardığınız qədər qorxun. Qulaq asın; itaət edin… (Təğabun
surəsi, 16)” hökmü ilə inananlara güclərinin çatdığı qədər Özündən
qorxub-çəkinməyi əmr etmişdir. Odur ki, insan heç vaxt Allah qorxusunu
kafi hesab etməməlidir. Daima özünü Allah’a daha da yaxınlaşdıran yollar
axtarmalı və vicdanını sona qədər dinləməlidir. Uca Allah, səmimiliyinə
və Öz rizasını qazanmaq məqsədilə göstərilən ciddi cəhdə görə möminlərə
verdiyi anlayışı və doğru ilə yanlışı bir-birindən ayırd etmək
qabiliyyətini artıra bilər. Bu, Allah’ın iman gətirənlərə dəstəyi və
Quranın mühüm sirridir. İnsan, əlindəki bu imkandan yaxşı istifadə
edərək ağılın dünyada və axirətdə qazandırdığı üstünlükləri əldə edə
bilər.
Quranı rəhbər etmək
Bir insan imanın
qazandırdığı dərin ağıla və qavrayışa malik olmaq üçün əvvəlcə bəzi
məsələlər üzərində düşünməlidir. Dünyaya gəlişinin məqsədi, bir gün
həyatının ölümlə bitəcəyi və uca Allah’ın çinar ağacını belə yüz illərlə
yaşadarkən insanlara təqribən 60-70 il ömür verməsinin ardındakı
səbəblər üzərində düşünməlidir. Quran insanın düşünməli olduğu bütün bu
sualların qapısını açan açardır. Çünki Quran Rəbbimizin qullarına Özünü
tanıtdığı, dünya həyatının əsl məqsədini, axirəti, gözəl əxlaqı
bildirdiyi vəhyidir. İnsan Quran vasitəsilə səhvlərini anlayar, qəti
tövbə edib səhvini təkrarlamaqdan çəkinər, Allah’ın böyüklüyünü və
qüsursuz olduğunu dərk edər, həyatını Onun rizasını, rəhmətini qazanmaq
üçün keçirər, əmr və qadağalarına cidd-cəhdlə əməl edər və gerçək həyat
olan axirətdə cənnəti qazanmağı ümid edə bilər.
İnsanın fitrətinə uyğun olan həyatı
yaşaması üçün ağlına və vicdanına ən uyğun yol da budur. Bu yola tabe
olmaq insanın ağlını və qavrama gücünü daima artırar. Çünki ağıl imanda
dərinləşməyin təbii nəticəsidir. Uca Allah Quranın təmiz ağıl sahibləri
üçün yol göstərən kitab olduğunu bir ayədə belə bildirir:
“Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (İbrahim surəsi, 52)
Şeytandan gələn vəsvəsələri müəyyən etmək
Şeytanın ən mühüm
xüsusiyyəti insana hər tərəfdən yanaşaraq onu Allah’ın yolundan
uzaqlaşdırmağa çalışmasıdır. Vəsvəsə də şeytanın insanı boş şeylərlə
məşğul etmək üçün pıçıldadığı sözlər, yanıltmalar, qəlbə verdiyi
narahatedici, boş şübhələr və düşüncələrdir.
Şeytan insanın ağlına gətirdiyi
Qurandankənar düşüncələrlə onun sağlam düşünməsinə mane olub, onu dünya
və axirət həyatına zərər verən şübhələrə salmaq istəyir. Ancaq uca
Allah’ın Quranda bildirdiyi kimi, şeytanın hiyləli tələsi çox zəifdir
(Nisa surəsi, 76). İmanın qazandırdığı təmiz ağıl sayəsində möminlər
sürətli mühakimə qabiliyyəti ilə şeytanın verdiyi vəsvəsənin öhdəsindən
gəlirlər. Əlbəttə, bu, imanın qazandırdığı dərrakənin meydana gətirdiyi
təbii nəticədir. Belə ki, uca Allah möminlərin şeytanın bu tələsini
yaxşı-yaxşı düşünərək dərhal anlayacaqlarını belə bildirmişdir:
“Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allah’ı) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (Əraf surəsi, 201)
Axirətə yəqinliklə inanmaq
Allah “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
(Bəqərə surəsi, 4)” ayəsi ilə möminlərin axirətə yəqinliklə iman
gətirməli olduqlarını bildirir. Axirətə yəqinliklə inanan insan ölümün
labüd olduğunu, dünyanın müvəqqəti yer olduğunu qavrayar və əsl həyatın
axirətdə olacağını dərk edər. Axirətdə yenidən dirildiləcəyini, orada
əbədi yaşayacağını bilən və cənnətin tükənməz nemətləri haqqında düşünən
insan bu gözəl həyata qovuşmaq üçün var gücüylə Allah’ın ondan razı
qalması üçün çalışar. Dünyanın müvəqqəti bər-bəzəyinə və həvəslərinə
aludə olaraq ölümü və axirəti unutmaz. Ölüm zamanını bilmədiyinə görə,
daima ölümə hazır olmalı olduğunu düşünər, bunun üçün uca Allah’ın əmr
və qadağalarına cidd-cəhdlə riayət edər, ibadətlərini tam yerinə
yetirər. İnsanın axirətdəki sonsuz nemətləri dünyadakı müvəqqəti
nemətlərdən üstün tutması güclü dərrakəyə sahib olduğunu göstərir.
Göylərin və yerin yaradılışı haqqında düşünmək
Bir mömin namaz qılmaq, oruc tutmaq
kimi ibadətlərini cidd-cəhdlə yerinə yetirməklə yanaşı, dərin anlayışa
da sahib olur. Quranda diqqət çəkilən göylərdəki və yerdəki yaradılış
dəlilləri üzərində dərindən düşünmək möminin imanının artmasına, dərin
ağıl və qavrayış qabiliyyəti qazanmasına səbəb olur. Çünki göylərin,
yerin və bunların arasındakıların yaradılışı haqqında düşünmək Allahı
daha yaxından tanımağa, Onun qüdrətinin sonsuzluğunu daha yaxşı
qavramağa və beləliklə, elm sahibi olmağa vəsilə olar. Təmiz ağıl sahibi
möminlərin bu xüsusiyyəti Quranda belə xəbər verilir:
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)
Nəticə: ağıl möminə böyük güc qazandırır
Allah Quranda ağıl sahibi olan möminləri “O
kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar
Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz
onlardır. (Zumər surəsi, 18)” şəklində tərif edir. Bu kəslər
Allahın onlara göstərdiyi yola tam tabe olduqlarına, Quranda bildirilən
hökmləri dəqiqliklə yerinə yetirdiklərinə və vicdanlarına qəti tabe
olduqlarına görə, Allah onları ağıl kimi böyük nemətlə
mükafatlandırmışdır.
Ağıl insana bir çox nemətin qapısını
açan çox mühüm xüsusiyyətdir. Ağıllı insan olduğu hər mühitdə, etdiyi
hər hərəkət və dediyi hər sözdə fərqli olduğunu hiss etdirir. Ona görə,
böyük hörmət və heyranlıq oyandırır. Ağıl doğrunu yanlışdan ayırmağı,
hikmətli və gözəl danışmağı, gözəl əxlaqla davranmağı, hər hansı hadisə
baş verdikdə bir çox insanın görə bilmədiyi təfərrüatları görməyi, incə
təhlillər aparmağı və hadisələrdən ən doğru, ən hikmətli nəticələr
çıxarmağı təmin edir. Bütün bunlarla yanaşı, ağıl insanın ruhunda
gözəlliklərdən daha çox zövq almağı təmin edən dərinlik meydana gətirir.
Buna görə, çox insanın adi qarşıladığı və alışqanlıqla baxdığı bir çox
şeyin ardında gizlənən gözəllikləri ağıl sahibi olan möminlər dərhal
görürlər. Ancaq ən əsası odur ki, ağılın qazandırdığı dərin iman və
təvəkkül möminlərə Allah’ın iznilə cənnəti qazandırır. Uca Allah bir
Quran ayəsində möminləri belə müjdələyir:
”Allah, şübhəsiz ki, möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır. Allah`dan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur!” (Tövbə surəsi, 111)
Dərin düşünməyin
qazandırdığı iman və bu imanın artmasıyla artan ağıl möminlərin Allah’ı
daha yaxşı, yaxından tanımalarını, hər an hər yerdə Onun təcəllilərini
görmələrini və Allah’ın qüdrətini layiqincə təqdir etmələrini təmin
edir.
Təmiz ağıl sahibi olmaq hər cür boş
düşüncədən, heç kimə faydası olmayan boş şübhələrdən və mənasız
düşüncələrdən uzaq ağıla sahib olmaqdır. Tamamilə Allah’ın razılığını
qazanmaq üçün istifadə edilən belə bir ağıl həm dünyada, həm də axirətdə
rahat həyat təmin edir.
Hiç yorum yok:
Yorum Gönder